Ötən gün ölümlə nəticələnən 3 yol qəzası baş verib. Nəticədə 3 nəfər ölüb, 3 nəfər xəsarət alıb.
Lent.az DİN mətbuat xidmətinə istinadla həmin avtoqəzaların təfərrüatlarını təqdim edir.
Ölümlə bitən ilk hadisə saat 13 radələrində Nərimanov rayonunun Z.Bünyadov prospektində qeydə alınıb. Belə ki, Bakı şəhər sakini M.Rzayevin idarə etdiyi mopedlə F.Muradovun idarə etdiyi “Mercedes” markalı avtomobil toqquşub və nəticədə M.Rzayev hadisə yerində ölüb.
Nərimanov Rayon Polis İdarəsində araşdırmalar aparılır.
Həmin saatda ölümlə sonlanan digər hadisə paytaxtın Sabunçu rayonunda baş verib. “Daewo” markalı marşrut avtobusunun sürücüsü yol kənarı ilə velosiped sürən maştağa qəsəbə sakini Roman Nəsibovu vurub və hadisə yerindən qaçıb. Zərərçəkmiş xəstəxanada ölüb.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törədən paytaxt sakini X.Novruzov saxlanılıb.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Günün son ölümlə bitən yol qəzası saat 21 radələrində Qobustan rayonunun Ceyrankeçməz kəndi ərazisində qeydə alınıb. Sabirabad rayon sakini H.Səlimovun idarə etdiyi “Mercedes” və Şamaxı rayon sakini N.Əliyevin idarə etdiyi “KamAZ” markalı yük avtomobilləri toqquşub. Nəticədə H.Səlimovun sərnişini, Bakı şəhər sakini Aydın Qədirov hadisə yerində ölub.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.